№1, 2024
Azərbaycanda Passalora Fr. cinsi göbələklərinin araşdırılması
Xülasə
Serkosporoid göbələklər hifomitsetlərin morfoloji müxtəlif qruplarından biri olub, yabanı və kənd təsərrüfatı əhəmiyyətli bitki növlərində xəstəlik törədirlər. Bu qrup göbələklərdən Passalora Fr. (Mycosphaerellaceae) cinsinə aid növlər əhəmiyyətli araşdırılma tarixinə malikdirlər. Azərbaycanda Passalora cinsi hal-hazıradək ətraflı araşdırılmamışdır. Tədqiqat işinə herbaridə saxlanılan nüsxələr cəlb edilmiş, göbələklərin morfoloji təhlili aparılmış, növ statusu dəqiqləşdirilmişdir. Məqalədə serkosporoid göbələklərin öyrənilmə tarixi və səciyyəvi xüsusiyyətləri verilmişdir. Beləliklə, araşdırılan nüsxələr Passalora calystegiae (Speg.) U. Braun, P. dubia (Riess) U. Braun, P. malkoffii (Bubák) U. Braun, P. marmorata (Tranzschel) U. Braun & Crous, P. microsperma Fuckel, P. penicillata Ces., P. rosae (Fuckel) U. Braun kimi təqdim edilmiş, növlərin qısa təsvirləri, toplanma yerləri və sahib bitkiləri qeyd edilmişdir.