№1, 2023
Masallı rayonunun bəzi nadir pleurokarp yarpaqgövdəli mamırları
Xülasə
Brioloji araşdırmalar Azərbaycanın Masallı rayonunun meşə, çəmən, çay sahili, bulaq kənarı, yol kənarı ərazilərində, kəndlərinin ətrafında aparılmışdır. Tədqiqatlar zamanı 50 nüsxədən çox pleurokarp yarpaqgövdəli mamır nümunələri hündür dağlıq ərazilərdə, meşə massivində ağac (vələs, palıd, püstə, qoz, yemişan və zoğal ağacları), çürümüş kötük üzərindən, çay kənarı, bulaq kənarı daşların və nəm torpaq üzərindən toplanmışdır. Onların arasında nadir pleurokarp mamır növləri aşkar olunmuşdur ki, bu da regionda mamırkimilərin biomüxtəlifliyinin zənginliyinə dəlalət edir. Aparılan tədqiqatın əsas məqsədi Masallı rayonu üçün pleurokarp mamırların növmüxtəlifliyini, bioekoloji xüsusiyyətlərini və yayılmasını öyrənməkdir. Müəyyən olunmuş nadir pleurokarp növlər 2 fəsilə, 3 cinsə aid 3 növdən (Homalothecium sericeum (Hedw.) Schimp, Palustriella decipiens (De Not.) Ochyra, Drepanocladus aduncus (Hedw.) Warnst) ibarət yarpaqgövdəli mamırlardır. Məqalədə onların bioekoloji xüsusiyyətləri haqqında da məlumat verilir. Nəticədə bioekoloji xüsusiyyətlərə görə həmin növlərin 2-si hiqrofit və 1-i mezofit növə aid olması aşkarlanmışdır.