№1, 2022
İsmayıllı və Qəbələ rayonlarının meşə ekosİstemlərİnİn fİtomüxtəlİflİyİ
Xülasə
İsmayıllı və Qəbələ rayonlarının meşə massivlərində aparılan monitorinqin nəticələrinə əsasən 55 fəsiləyə, 311 cinsə aid olan 162 takson qeydə alınmışdır, bunlardan 1 növü Azərbaycan, 13-ü isə Qafqaz endemi, 16-ı nadirdir. Növ sayına görə Rosaceae Juss., Asteraceae Giseke, Orchidaceae Juss., Poaceae Barnhart (11-18 növlə) fəsilələri dominantlıq təşkil edir. Biomorfoloji təhlil nəticəsində müəyyən olmuşdur ki, ot bitkiləri çoxluq təşkil edir (73,5%), oduncaqlı bitkilərin payına isə 26,5% düşür. Müxtəlif hündürlük qurşaqlarında 3 nadir taksonun (Galanthus alpinus var. alpinus (SP 1, SP 2), Orchis purpurea (SP 3), Ophrys oestrifera (SP 4) senopopulyasiyalarının ontogenetik və demoqrafik strukturu öyrənilmiş, Δ və ω indekslərinə əsasən SP 1 və SP 3 cavan, SP 2 və SP 4 isə keçid tiplidir. Rayonların meşə bitkiliyi özündə 2 formasiya sinfi (qarışıq qaranlıq dağ meşələri, enliyarpaqlı dağ meşələri), 7 formasiya qrupu, 9 formasiya, 24 assosiasiya qrupu və 26 assosiasiya birləşdirir. Meşə birliklərində 25 ağac və kol bitkilərinin fitosenotik statusuna əsasən hər iki rayonda Quercus iberica, Carpinus betulus və Fagus orientalis növləri edifikatordur. Meşə massivlərinin həyatilik indekslərinə görə Qəbələ rayonunda meşələr daha sağlam, lakin zəifləməyə meyillidir (81%), İsmayıllı rayonunda isə meşələr zəifləmiş kimi qiymətləndirilmişdir (71-56 %).