№2, 2021
ABŞERONDA BECƏRİLƏN XINA BİTKİSİ BİOLOJİ AKTİV MADDƏ VƏ VASİTƏLƏRİN ALINMASINDA QİYMƏTLİ XAMMAL KİMİ
Xülasə
Mədəni xına bitkisi tullantılarından (çiçəkləri, gövdələri və budaqları) yaxşı keyfiyyətə malik, xoş ətirli, əsas komponentlərinin iron və ionon, həmçinin bioaktiv D-mannit maddəsindən təşkil olunduğu “absolu” efir yağı alınmışdır. Seratostiqma bitkisinin kök və kökümsov gövdələrindən, cirə və keşniş toxumlarından, eləcə də xına yarpaqlarından istifadə olunmaqla, geniş diapazona malik əsas bioloji aktiv maddələr (plumbagin, lavson) və digər inqrediyentlərdən (efir yağları, etil spirti, su) ibarət yeni ekoloji təmiz vasitə alınmışdır. Bitki xammalından alınan bu vasitə insanın baş nahiyəsində tük örtüyünün yaxşılaşdırılması, köklərinin möhkəmləndirilməsi, bərpası və rənglənməsi üçün tibbi-kosmetoloji baxımdan yararlı ola bilən losyon hazırlanmasında istifadə edilə bilər. Su buxarı ilə ayrılan efir yağları məhsulu ətirləndirməklə yanaşı, bioloji aktiv maddələrin keyfiyyətli məhlulunu yaradır və onların saç köklərinə daha asan nüfuz etməsini təmin edir. Antibakterial, antimikrob, antivirus, antifungial xüsusiyyətlərə malik olan bioloji aktiv maddələrin təqdim olunan miqdarı baş dərisindəki kəpək, sızanaq və digər xoşagəlməz yaralardan qurtulmağa imkan verir. Alınan məhsulun 1 litrində 35-40 mq 2-metil, 5-oksi, 1,4-naftoxinon; 55-60 mq 2-oksi, 1,4-naftoxinon; 30-35 mq cirə efir yağı; 40-45 mq keşniş efir yağı; 20% etil spirti və qalanı sudur.