№1, 2021
QARABAĞ VƏ ZƏNGƏZUR FLORASINDA RAST GƏLİNƏN CAMPANULA L. YARIMCİNSİNİN NÖVLƏRİNİN TƏHLİLİ
Xülasə
İqlim və landşaft müxtəlifliyi ilə seçilən və Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ və Zəngəzur əraziləri zəngin bitki örtüyünə malikdir. Son 30 ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və Zəngəzur florasına və ekosisteminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi üçün ilk növbədə regiondan toplanmış herbari nüsxələrinin və ədəbiyyat məlumatlarının təhlili əvəzsiz mənbədir. Əsasən şimal yarımkürəsində geniş yayılmış və Qafqaz florası üçün də növmüxtəlifliyi baxımından xüsusi əhəmiyyət kəsb edən Campanula (Campanulaceae) cinsinin öyrənilməsi bu məqsədi daşıyır. Ədəbiyyat məlumatlarına əsasən cinsin Qafqazda 110, Azərbaycanda isə 46 növünə rast gəlinir. Cinsin öyrənilmə tarixi, coğrafi yayılması, o cümlədən Qarabağ və Zəngəzur florasında rast gəlinən taksonlar müqayisəli olaraq təhlil olunmuş, BAK herbari fondunda saxlanılan herbari məlumatları analiz edilmişdir. Müəyyən olunmuşdur ki, cinsin növ sayına görə ən zəngin Campanula yarımcinsinə 11 seksiya daxildir ki, bunlardan da Azərbaycan florasında 7 seksiyaya aid 18 takson yayılmışdır. Bu taksonlardan 11 – nə Qarabağ və Zəngəzur florasında rast gəlinir. Eyni zamanda AMEA Botanika İnstitutunun Herbari fondunda (BAK) olan herbari nüsxələrinin təftişi zamanı Campanula yarımcinsinin taksonlarından Qarabağ zonasından toplanmış 5 növə aid 21 ədəd herbari nüsxəsi müəyyən olunmuşdur