№1, 2020
Azərbaycanın Qusar rayonunun otlarının göbələk müxtəlifliyi
Xülasə
Tədqiqat işində 2017-2019-cu illərdə Qusar rayonunda ot bitkilərindən toplanmış, həmçinin Botanika İnstitutunun Mikoloji Herbarisində saxlanılan və araşdırılmış göbələk nümunələri barədə məlumat verilir. Oomycota 6 cinsə aid 14, Ascomycota 22 cinsə aid 57 və Basidiomycota 9 cinsə aid 84 takson ilə bütövlükdə 155 növ və növ daxili takson olaraq təyin edilmişdir. 152 sahib bitkinin taksonomik strukturu tədqiq edilmiş və onların 5 qrup, 17 sıra, 31 fəsilə və 116 cinsə aid olması müəyyənləşdirilmişdir. Göbələklərin böyük əksəriyyəti Asterales, Poales və Fabales sıralarının nümayəndələrinin obliqat törədiciləridir. Monitorinqin nəticələrinə görə ot bitkilərinin və göbələk taksonlarının nisbəti 1:1-dən əhəmiyyətli dərəcədə fərqlənmir. İqlim şəraitinin göbələklərin inişafına və sayına təsiri taksonomik və ekoloji qruplardan asılı olaraq fərqlənir. Beləliklə bəzi göbələklərin (Albugo, Alternaria, Bremia, Hyaloperonospora, Peronospora, Pseudoperonospora, Pustula və s.) inkişafı temperatur və rütubətdən asılıdır, lakin bəzi cinslərin (Claviceps, Colletotrichum, Phyllachora) nümayəndələri üçün abiotik faktorlar bir o qədər əhəmiyyət kəsb etmir. Düzənlikdən yüksəkliyə qalxdıqca növ dəyişkənliyi tendensiyası nəzərə çarpır. Lakin müxtəlif yüksəkliklərdə təsadüf edilən növlər də qeyd edilmişdir. Colletotrichum malvarum, Erysiphe, Golovinomyces cinslərinin nümayəndələri, Puccinia calcitrapae, P. graminis, Tranzschelia pruni-spinosa orta və yuxarı dağ qurşaqlarında müşahidə edilmişdir. Monilia altaica və Hippophae rhamnoides aşağı dağ qurşağında, Samur çayı boyu və Puccinia caricina yüksək qurşaqda, Sudur kəndi ətrafında aşkar edilmişdir. Növlərin sayı iyun, iyul və sentyabr aylarında maksimal olmuşdur. Lakin avqust ayında cins və növlərin sayında azalma qeyd edilib ki, bu da yüksək temperatur və aşağı rütubətlə izah edilə bilər.