№2, 2020
Kür-Araz ovalığında yerləşən göllərin su-bataqlıq bitkiliyi və alqoflorası
Xülasə
Məqalədə Mil düzünün su-bataqlıq bitkiliyinin tədqiqinin nəticələri və onun təsnifatı verilmişdir. Bu bitkiliyin yayılması, müasir vəziyyəti, növ biomüxtəlifliyi, morfobioloji, bioekoloji və fitosenoloji xüsusiyyətləri analiz edilmişdir. Bitki formasiya və assosiasiyaları edifikator növlərlə birlikdə verilmiş, bunun əsasında onun təsnifatı işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, tədqiq olunan ərazinin su-bataqlıq bitkilik tipi üç formasiya sinfi, səkkiz formasiya və 16 assosiasiyada cəmlənmişdir. Qamışlı bataqlıqlar formasiya sinfi iki formasiya ilə təmsil olunur: Qamışlıq (Phragmitetum) və Cilli qamışlıq (Carexeto-Phragmitesetum). Qamışlıq formasiyasının Təmiz Avrasiya qamışlığı (Phragmiteta australis) assosiasiyası Kür-Araz ovalığının şirin su hövzələrinin ən geniş yayılmış assosiasiyalarından biridir. Otlu bataqlıqlar formasiya sinfi üç formasiya ilə təmsil olunmuşdur: Çayırlı-qamışlıq (Cynodoneto-Phragmitesetum), Dəvətikanlıqamışlıq (Alhagieto-Phragmitesetum), Çayırlıdəvətikanlı (Cynodoneto-Alhagietum). Kollu-çoxillik otlu bataqlıqlar formasiya sinfi üç formasiyanı özündə birləşdirir: Yulğunlu-qamışlıq (Tamarixeto-Phragmitesetum), Çiyənli-qamışlıq (Typhaeto-Phragmitesetum), Yulğunlu-cillik (Tamarixeto-Carexetum). Eyni zamanda Ağgöl və Sarısu göllərinin plankton və bentosun növ tərkibi aşkar edilmiş və bu göllərin ekoloji analizi göstərilmişdir. Tədqiq olunan ərazinin göllərinin alqoflorası öyrənilərkən üç şöbəyə aid 50 yosun növü müəyyən edilmişdir. Baccillariophyta şöbəsinin Pennatophyceae sinfi 30 növlə dominantlıq edir. Bundan başqa, qeyd edilmişdir ki, tədqiq olunan göllərdə fitoplanktonun xarakterik xüsusiyyəti bentosa aid nümayəndələrin dominantlığı və plankton növlərin azlıq təşkil etməsidir.