№1, 2020
QLOBAL BİTKİLƏR RESURS BAZASININ HAZIRLANMASI VƏ AZƏRBAYCANIN DÜNYA ONLAYN FLORASI KONSORSİUMUNDA FƏALİYYƏTİ
Xülasə
İnformasiya-kommunikasiya texnologiyaları son illərdə sürətlə inkişaf edərək, bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan, son 30 ilə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, elmin bütün sahələrinə, o cümlədən bitkilərin müxtəlif aspektlərdən təhlinin və ümumiləşdirməyə imkan verən elm və texnologiyaların inkişafının təzahürlərini və nəticələrini görərik. Təbii ki, bu mərhələyə gəlib çıxmaq üçün bütün dünyada 260 ildən çox davam edən botaniki, taksonomik və son zamanlarda filogenetik tədqiqatlar uzun tarixi bir yol keçib. Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının 1-ci hədəfinin – Dünya Onlayn Florası (World Flora Online - WFO) layihəsinin inkişafı və reallaşdırılması bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır. Bu konsorsium çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda dinamik bitki elektron məlumat bazalarının yaradılması sahəsində həyata keçirdən səmərəli və məqsədyönlü fəaliyyət yaxın gələcək üçün ənənəvi floralara nisbətən daha geniş imkanlara malik elektron floranın – “e-floranın” yaradılması istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirir. Mövcud elektron məlumat bazalarından, monoqrafiyalardan, milli və regional floralardan, məlumat siyahılarından (çeklistlərdən), həmçinin koordinasiya olunmuş beynəlxalq taksonomik birliyinin taksonomik ekspert şəbəkələrindən əldə olunaraq ümumiləşdiriləcək Azərbaycan florasına dair məlumatlar həm də güclü axtarış və naviqasiya imkanları olan interaktiv informasiya sisteminə çevriləcəkdir.