ARXİV - №1, 2025

№1, 2025

FOTOSİSTEM II ELEKTRON NƏQLİYYAT ZƏNCİRİNİN MƏNFİ FAKTORLARDAN QORUNMASINDA BİTKİ EKSTRAKTLARININ ROLU

Xülasə

Aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, ZnCl2 və NaCl duzlarının toksiki konsentrasiyasına məruz qalmış 7 günlük buğda cücərtiləri (Triticum aestivum) yarpaqlarında yaranan oksigenin reaktiv formalarının yaratdığı oksidləşdirici stres bitki orqanizminə ciddi ziyan verir. Bu stresi aradan qaldırmaq məqsədi ilə şirin biyan kökü (Radix glycyrrhizae), adaçayı yarpaqları (Salvia officinalis), Danae racemosa, ənginar (Cynara), yemişan (Grataegus) kimi bir sıra dərman bitki ekstraktlarının müdafiəsi öyrənilmişdir. Müəyyən olmuşdur ki, stressorların təsirindən asılı olaraq, tədqiq olunan ekstraktlar Fotosistem II Elektron Nəqliyyat Zəncirində (FS II ENZ) gedən fitokimyəvi reaksiyaların adaptiv qabiliyyətini stimullaşdırır. Beləki, Zn ionlarının yaratdığı oksidləşdirici stresin daha yaxşı ingibitorları şirin biyan kökündən, relik bitki Danae racemosa və adaçayı bitki yarpaqlarından, NaCl stresinə qarşı isə şirin biyan, ənginar və yemişandan alınmış ekstraktlar olmuşdur. Göstərilmişdir ki, stressorlara qarşı bitki ekstraktlarının müdafiə effekti onların zəngin fitokimyəvi xassəyə malik olub, FS II sərbəst radikalların, bilavasitə superoksid anion radikallarının söndürülməsinə, çoxalan oksigenin reaktiv formalarının (ORF) generasiyasının neytrallaşmasına səbəb olur. Ekstraktların tərkibindəki fenol birləşmələr güclü antioksidantlar olduğuna görə FS II-nin elektron nəqliyyat zəncirinin donor və akseptor tərəflərinin oksidləşmə-reduksiya tarazlığını bərpa edir.

Açar sözlər

ağır metallar, elektron nəqliyyat zənciri, fotosistem II, oksigenin reaktiv formaları
📄 Məqaləyə baxın 👁 4

Ədəbiyyat