№1, 2020
BÖYÜK QAFQAZDA (AZƏRBAYCAN DAXİLİNDƏ) RAST GƏLİNƏN TILIA L. NÖVLƏRİNİN MEŞƏ EKOSİSTEMLƏRİNDƏ YAYILMA XÜSUSİYYƏTLƏRİ VƏ MÜASİR VƏZİYYƏTİ
Xülasə
Şimal yarımkürəsinin enliyarpaqlı meşələrinin əsas ağaclarından olan cökə cinsinin (Tilia ) dünya üzrə ən çox növ müxtəlifliyinə Şərqi Asiyada rast gəlinir. Azərbaycan üzrə indiyə qədər dərc olunmuş müxtəlif ədəbiyyat məlumatlarına görə cinsin floramızda 3 növü - Qafqaz cökəsi (T. caucasica), enliyarpaq cökə (T. platyphyllos) və ürəkvari cökə (T. cordata ) yayılmışdır. Həmin mənbələrdə adları çəkilən hər üç növün tədqiqat ərazimiz olan Böyük Qafqazın (Azərbaycan daxilində) 5 rayonunda rast gəlindiyi göstərilsə də, 2013-2019-cu illər ərzində tərəfimizdən aparılmış tədqiqat işi nəticəsində İsmayıllı, Zaqatala və Şəki rayonları ərazisində təbii halda yalnız Qafqaz cökəsi, Quba və Qusar rayonlarında isə 2 - Qafqaz və ürəkvari cökə növlərinin yayıldığı məlum oldu. Tədqiqat işi, AMEA Botanika İnstitutu Herbari fondunun təftişi və ədəbiyyat məlumatlarının təhlili zamanı enliyarpaq cökə (T. platyphyllos) növünün nəinki Azərbaycan, o cümlədən Qafqaz ərazisində rast gəlinmədiyi ilk dəfə olaraq aşkar olundu. Tədqiq olunan 5 rayonun ərazisindən yığılmış ve AMEA Botanika İnstitutu Herbari fondunda saxlanılmış nümunələrin klassik müqayisəli-morfoloji və sistematik metodlarla tədqiqi və eyni zamanda ədəbiyyat məlumatlarının analizi nəticəsində Qafqaz cökəsi və ürəkvari cökə növlərinin botaniki təsviri məqalədə qeyd olunmuşdur.